Bloq

Diabetik ayaq: ayaqlarınızı necə qorumalı?

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Şəkərli diabeti olan insanlarda ayaqda ən kiçik çat və ya sıyrıq belə ciddi infeksiyaya çevrilə bilər. Gündəlik sadə qayğı və vaxtında müayinə isə bu təhlükənin qarşısını almağa kömək edir.

Diabetik ayaq nədir və niyə yaranır?

Diabetik ayaq – şəkərli diabet nəticəsində ayaqlarda sinir və damar zədələnməsi, eləcə də immun sistemin zəifləməsi ilə əlaqədar çətin sağalan yaraların, qanqrenanın və ciddi mikrob infeksiyalarının əmələ gəlməsi ilə gedən ağırlaşmadır. Bu yaralar ayaqda, barmaqlarda və ya topuqlarda yarana bilər.

Qanda qlükoza səviyyəsinin uzun müddət yüksək qalması, diabetin uzun illər davam etməsi və şəkərin nəzarətdə saxlanılmaması bu riski artırır. Yaraların əmələ gəlməsində iki əsas səbəb rol oynayır:

  • ayaqdakı sinirlərin zədələnməsi və hissiyyat itkisi – periferik diabetik neyropatiya;
  • ayağın arterial damarlarının tutulması və qan dövranının zəifləməsi.

Ağrı – bizim ən vacib qoruyucu hissimizdir! Diabetik ayaqda isə ağrı və yanma hissi itir.

Dr. Samir Şükürov

Neyropatiya niyə təhlükəlidir?

Ayaqlarda hissiyyat azaldıqca insan zədəni, travmanı, yaranı, suluğu və ya xoranı hiss etmir – hətta ayağı isti bir yerə toxunub yansa belə, bunu duymaya bilər. Ona görə də ağrı hissi azalmış və xüsusən də itmiş insanlarda ayaq zədələnməsi və yara əmələ gəlməsi ehtimalı daha yüksəkdir.

Diabet zamanı damar quruluşu zədələndiyindən yaralar asan yaranır və gec sağalır, bakteriya və göbələklər isə infeksiyaya daha asan səbəb olur. Müalicə gecikdikdə bu proses qanqrena və amputasiya ilə nəticələnə bilər.

Hansı əlamətlər diqqət tələb edir?

  • ayaqda ağrı, toxunma və temperatur hissinin azalması və ya tamamilə itməsi;
  • pəncədə və barmaq uclarında keyimə, yanma, iynə batması, elektrik vurması kimi hisslər;
  • fiziki aktivlik zamanı bud və baldır əzələlərində ağrı və ya spazm;
  • ayaq dərisində, xüsusən dabanda quruluq və çatlar;
  • ayaqlarda dərinin rənginin və temperaturunun dəyişməsi, tüklərin tökülməsi;
  • qalın, sarı rəngli dırnaqlar, göbələk infeksiyası əlamətləri;
  • yara, xora, qabarcıq, infeksiyalaşmış döyənək və ya ətə batan dırnaq;
  • ayaqda gücsüzlük, yorğunluq və deformasiyalar.

Gündəlik ayaq baxımı qaydaları

Ayaq problemlərinin çoxu yanlış ayaq və dırnaq qulluğu ilə başlayır: dırnağın düzgün kəsilməməsi, dırnaq batması, dar ayaqqabı, barmaq aralarında göbələk. Bu sadə qaydalara hər gün əməl etməyiniz vacibdir:

  • ayaqlarınızı və barmaqlarınızı hər gün, lazım gələrsə güzgünün köməyi ilə yoxlayın;
  • ayaqlarınızı gündəlik yuyun və yumşaq dəsmalla qurulayın;
  • yuyunmazdan əvvəl suyun temperaturunu yoxlayın – hissiyyat azaldığından ağır yanıq ala bilərsiniz;
  • ayaqları uzun müddət sabun kimi kimyəvi maddələrin təsirində saxlamayın – bu, çatlara və infeksiyaya yol açır;
  • quru dəriyə krem çəkə bilərsiniz, amma barmaq aralarına krem sürtməyin;
  • pedikür risklidir, ondan istifadə etməyin;
  • dırnaqları düzgün kəsin və kənarlarını hamarlayın – bu, dırnaq qırılmasının və batmasının qarşısını alır;
  • evdə də, çöldə də (o cümlədən çimərlikdə) ayaqyalın gəzməyin;
  • ölçünüzə uyğun, geniş və rahat ayaqqabı seçin, ayaqqabını corabsız geyinməyin;
  • sıx olmayan, tikişsiz, pambıq corablar geyinin;
  • hər dəfə geyinməzdən əvvəl ayaqqabının içini əlinizlə yoxlayın və silkələyin – içində daş qırığı, qum ola bilər.

Nə vaxt təcili həkimə müraciət etməli?

Ayaqda hər hansı yara və ya dəyişiklik gördükdə gecikmədən həkimə müraciət edin. Ayaqda üç həftədən çox davam edən, sağalmayan yara diabetin ağırlaşdığını göstərir və mütləq həkim müayinəsi tələb edir.

Yaranın ətrafında qızartı, şişkinlik, istilik, irin və ya pis qoxu yaranarsa, dəri qaralarsa, eləcə də yüksək hərarət müşahidə olunarsa, bu, infeksiyanın yayıldığını göstərə bilər – belə hallarda həkimə həmin gün müraciət etmək lazımdır.

Erkən diaqnoz və müalicə amputasiyanın qarşısını ala bilər. Qan şəkərini normada saxlamaq, ayaq təmizliyinə riayət etmək və xırda narahatlıq olduqda belə müntəzəm müayinədən keçmək ayaqlarınızı qorumağın ən etibarlı yoludur.

Mövzu ilə bağlıŞəkərli diabet

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.