Bloq

Prediabet: gizli şəkəri vaxtında tanıyın

Müəllif: Dr. Samir Şükürov, həkim-endokrinoloq Tibbi yoxlama: Yenilənib:

Prediabet – qan şəkərinin normadan yüksək olduğu, lakin hələ diabet həddinə çatmadığı vəziyyətdir. Ondan qorxmaq yox, onu ciddi xəbərdarlıq kimi qəbul etmək lazımdır – çünki bu mərhələ geri dönə biləndir.

Prediabet nədir?

Qan şəkəri normal səviyyədən yüksək olub, şəkərli diabet diaqnozu qoymaq üçün isə yetərsiz olduqda buna prediabet deyilir. El arasında bu vəziyyət «gizli şəkər», «şəkərə meyillilik» və ya «şəkərönü vəziyyət» kimi tanınır.

Diabet bir anda və ya bir ayda yaranmır – ondan əvvəl uzun sürən prediabet dövrü olur. Bu dövrdə insulinə qarşı dirənc fonunda əvvəlcə toxluq, sonra isə aclıq qan şəkəri yüksəlir. Əvvəlcə mədəaltı vəz artıq miqdarda insulin ifraz edərək yüksək şəkəri «gizlədir», amma zamanla artan tələbatı ödəyə bilmir və prediabet tip 2 diabetə keçir.

Prediabet tip 2 diabetə çevrilməsə belə, qanda şəkərin uzun müddət yüksək qalması ürək-damar sisteminə və digər orqanlara zərər verə bilər.

Hansı əlamətlər ola bilər?

Ən vacib məqam budur ki, prediabet çox vaxt heç bir aydın şikayət yaratmır: insan özünü tam sağlam hiss etdiyi halda qan şəkərində dəyişiklik artıq başlamış ola bilər. Bəzən isə aşağıdakı şikayətlər müşahidə olunur:

  • tez-tez aclıq hissi, xüsusilə şirniyyat istəyi;
  • çəki artımı, pəhriz və idmana baxmayaraq arıqlaya bilməmək;
  • gün ərzində yuxululuq, halsızlıq, tez yorulma;
  • tez əsəbiləşmə, depressiyaya meyil;
  • tərləmənin artması, xüsusilə baş-boyun nahiyəsində;
  • susuzluq hissi, görmədə arabir bulanıqlıq;
  • səhər yuxudan çətin oyanmaq.

Kimlər risk qrupundadır?

  • birinci dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş) şəkərli diabet olanlar;
  • artıq çəkisi olanlar – bədən kütlə indeksi 25 kq/m²-dən yuxarı, bel çevrəsi qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən çox olanlar;
  • yüksək arterial təzyiqi, yüksək xolesterini və triqliseridləri olanlar;
  • oturaq həyat tərzi keçirənlər;
  • polikistik yumurtalıq sindromu olan qadınlar;
  • hamiləlikdə şəkərli diabet keçirmiş və ya 4 kq-dan ağır uşaq dünyaya gətirmiş qadınlar.

Prediabet necə aşkarlanır?

Prediabet yalnız qan analizləri ilə aşkarlanır. Buna görə çox susamaq, tez-tez sidiyə çıxmaq kimi diabet əlamətlərini gözləmək düzgün deyil – risk varsa, simptom gözləmədən müayinə barədə həkimlə danışın. Aşağıdakı göstəricilər prediabetə işarə edir:

  • aclıq qan şəkəri – 100–125 mq/dl;
  • şəkər yükləmə testində (OGTT) 2-ci saatın qlükozası – 140–199 mq/dl;
  • HbA1c (son 3 ayın orta şəkər göstəricisi) – 5,7–6,4%.

Şəkər yükləmə testi belə aparılır: 10–12 saatlıq aclıqdan sonra qan şəkəri ölçülür, sonra xüsusi hazırlanmış 75 q qlükoza məhlulu içilir və 2 saat sonra şəkər yenidən ölçülür. Aclıq şəkəri 100–125 mq/dl aralığında olanlarda bu test prediabeti dəqiqləşdirməyə kömək edir.

Prediabet geri dönə bilən mərhələdir – doğru yanaşma ilə şəkər göstəricilərini normaya qaytarmaq mümkündür.

Dr. Samir Şükürov

Prediabeti geri döndərmək mümkündürmü?

Bəli. Şəkərli diabetdən fərqli olaraq prediabet geri dönə bilən vəziyyətdir. Vaxtında aşkarlanan və düzgün idarə olunan prediabet tip 2 diabetin qarşısını almağa və ya onu gecikdirməyə imkan verir. Müalicə hər zaman dərman demək deyil – əsas yanaşma həyat tərzinin dəyişdirilməsidir:

  • çəkiyə nəzarət və artıq çəkidən qurtulmaq;
  • aşağı qlisemik indeksli qidalanma;
  • müntəzəm fiziki aktivlik;
  • yuxu və stresin tənzimlənməsi.

Diabet riski yüksək olan, pəhriz və idmana baxmayaraq çəkisi azalmayan pasiyentlərə həkim dərman müalicəsi də təyin edə bilər. Analizlərinizdə prediabetə uyğun göstəricilər varsa, endokrinoloqa müraciət edin – fərdi plan gələcəkdə diabet riskinizi azaltmağa kömək edəcək.

Prediabet aşkarlanandan sonra da şəkər göstəricilərini həkimin tövsiyə etdiyi intervalla yoxlatmaq vacibdir – bu, dəyişikliklərin nəticəsini görməyə və vaxtında addım atmağa imkan verir.

Mövzu ilə bağlıŞəkərli diabet

Bu yazı ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir.